Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Ukraynadan 16,5 mln. dollar dəyərində dondurulmuş mal əti idxal edib. Foodinfo.az xəbər verir ki, Report-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətindən bildiriblər. Belə ki, ötən ilin 11 ayında bu ölkədən Azərbaycana 5,39 min ton dondurulmuş mal ət gətirilib. 2018-ci ilin yanvar-noyabr aylarında Ukrayna xarici ölkələrə ümumilikdə 38,07 min ton təzə və dondurulmuş mal əti ixrac edib. Bununla belə xarici bazarlara 14,3 min ton təzə və soyudulmuş mal əti ixrac edilib ki, 2017-ci ilin yanvar-noyabr aylarında bu rəqəm 10,98 min ton olub.
Bu da bir illik müqayisədə 30,24% çoxdur. Həmçinin, ötən ilin 11 ayında xarici bazarlara 23,7 min ton dondurulmuş mal əti ixrac edilib ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 26,88 min ton olub ki, bu da bir illik nəticə ilə müqayisədə 11,83% azdır. Ukraynadan təzə və soyudulmuş mal əti idxal edən əsas ölkələr Belarus və Türkiyədir. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Belarus bu ölkədən ümumi dəyəri 35,2 mln. dollar olan 12,2 min ton mal əti idxal edib. Türkiyə isə bu müddət ərzində ümumi qiyməti 5,9 mln. dollar olan 2,01 min ton mal əti idxal edib. Dondurulmuş əti isə Ukraynadan əsasən Qazaxıstana və Belarusa ixrac edilib.
Ötən ilin yanvar-noyabr aylarında Qazaxıstana ümumi dəyəri 18,9 mln. dollar təşkil edən 6,19 min ton dondurulmuş mal əti ixrac edilib. Belarusa isə bu müddət ərzində ümumi dəyəri 15,1 mln. dollar olan 4,94 min ton həcmində dondurulmuş mal əti ixrac edilib. Beləliklə, Belarus ümumilkikdə ümumi dəyəri 40,3 mln. dollar olan 17 min ton təzə və dondurulmuş mal əti ixrac edib ki, bu da Ukraynanın ümumi mal əti ixracının 45%-ni təşkil edir.