Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimində iştirak edir. 

AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, sessiyada ölkəmiz Avropa regionunda heyvan rifahı platforması üzrə dördüncü fəaliyyət planın həyata keçirilməsi üçün təyin olunan 5 ölkədən ibarət ali komitənin üzvlüyünə seçilib. Qeyd olunan ali komitənin üzvlüyünə seçkilər ölkədə aparılan vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər əsas götürülərək təyin olunur. 

Qeyd edək ki, hazırda dünyada “Vahid sağlamlıq” konsepsiyasının tərkib hissəsi kimi “Heyvanların rifahı” konsepsiyası tətbiq olunmaqdadır. Bu konsepsiyanın əsas məqsədi insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit kontekstində birgə əlaqəli fəaliyyətlərin həyata keçirilməsidir. Qeyd olunan fəaliyyətlər ətraf mühit, heyvanlardan insanlara yoluxan xəstəliklər, antimikrob rezisdentliyi kimi məsələləri əhatə edir. Nəzərdə tutulan tədbirlərin icrası üçün ÜHST-nin müxtəlif region ölkələrində heyvan rifahı platforması yaradılıb.

Xatırladaq ki, ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutan sessiyada 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.