Ölkəyə idxal olunan və standartlara cavab verməyən bəzi məhsullar geri qaytarılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu ilin iyul ayının 1-dən etibarən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən bir sıra müəssisələrdə monitorinqlər aparılıb:
“İctimai iaşə, ət kəsimi və emalı, süd istehsalı və emalı, qida məhsullarının satışının həyata keçirildiyi ticarət obyektləri və digər fəaliyyətlə məşğul olan subyektlərdə monitorinq aparılıb. Bunların içərisində həm Bakı, həm də regionlarda yerləşən ticarət obyektləri, şadlıq sarayları, turizm müəssisələri əsas pay təşkil edib”.
AQTA-dan qeyd edilib ki, yoxlamalar nəticəsində bir sıra təsərrüfat subyektlərində inzibati cərimə tətbiq edilib:
“Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, kiçik nöqsanlar olduğu halda onların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Həmçinin, təkrar nümunələr götürülmüş, ölkəyə idxal olunan və standartlara cavab verməyən məhsullar geri qaytarılıb. Tərəvəz məhsulları ölkəyə idxal edilərkən qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq AQTA tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır.
Daxili istehsal zamanı isə məhsulların təhlükəsizliyinə nəzarət AQTA tərəfindən risk kateqoriyalarına uyğun olaraq mütəmadi qaydada həyata keçirilən nəzarət tədbirləri əsasında, məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması vasitəsilə həyata keçirilir”. (Oxu.az)