Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə gətirilən kolbasa məhsulları ilə bağlı xəbərlər yayılır. İddialara əsasən, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan ölkələrdə kolbasa “poroşok”lardan – protein tozundan hazırlanır. Bu üsulların Azərbaycanda da tətbiqi iddia edilir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu.Az-a bildirib ki, Azərbaycanda istehsal olunan kolbasa məhsullarına insan sağlamlığını təhlükəyə atacaq kimyəvi maddələr qatılması sahibkarlara xeyir gətirmir: “Xaricdən ölkəyə gətirilən kolbasaların tərkibində insan orqanizminə ziyanlı olan qatqılar üstünlük təşkil edir. Çünki onların tez xarab olmaması üçün kolbasalara kimyəvi qatqılar çox vurulur. Kolbasanın istehsalında “poroşok”lardan istifadə olunması zərərli deyil. Sadəcə, burada ətin miqdarı az olur. Buna görə də əhali xarici ölkənin məhsullarından istifadəyə üstünlük verməməlidir. Azərbaycanda kolbasa məhsulları istehsal edən 35-ə yaxın müəssisə var. Ölkədə ətdən kolbasa istehsal edən şirkətlər var və standartlara cavab verir”. Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda metro çıxışlarında etiketi olmayan kolbasa məhsullarına da rast gəlinir: “Bu cür ərzaqların tərkibində heyvanların dərisi, ayaqları, başı və digər tullantılardan xammal kimi istifadə edilib”. Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: “Məhsullardan götürülən nümunələr agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Həmçinin, kolbasa məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların kolbasa məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.