"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni mobil dəstək proqramı hazırlayıb. Bu proqram Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirməsinə köməklik edəcək".
Bunu agentliyin sədri Qoşqar Təhməzli I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında deyib.
Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı qida təhlükəsizliyi sahəsində xüsusi maarifləndirmə işlərini öyrənməklə yanaşı, Azərbaycanda təhlükəli və təhlükəsiz qidalar haqqında lazımi bilgiləri mobil dəstək proqramı vasitəsilə əldə edə biləcəklər.
Q.Təhməzli bildirib ki, proqram vasitəsilə vətəndaşlar harada olmasından asılı olmayaraq qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq strukturlarının işinə nəzarət edə biləcəklər.
Agentlik sədri vurğulayıb ki, bu nəzarət qidanın tarladan süfrəyə qədər gətirilməsini əhatə edən bütün mərhələlərdə mümkün olacaq. Proqram qida zəncirində iştirak edən bütün sahibkarlıq obyektlərində baş verə biləcək hər hansı bir pozuntunu ortalığa çıxa biləcək. Eyni zamanda təhlükəli qidanın ictimaiyyət tərəfindən üzə çıxarılmasına kömək edəcək: "Bu da əhalinin bu işdə yaxından iştirakına töhfə verəcək. Ölkə başçısı proqramı çox bəyənib. İyulun 1-dən etibarən proqram istifadəyə veriləcək". (Report)