Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Foodinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Görüş zamanı Q.Təhməzli respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə ətraflı məlumat verib.
Eyni zamanda görüşdə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblər çərçivəsində iki ölkənin müvafiq qurumları arasında həyata keçirilən işlərə nəzər salınıb. Bildirilib ki, sözügedən qanunun tələbləri barədə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumatlandırılıb. Bu vaxtadək Agentliyə Türkiyədə fəaliyyət göstərən 83 müəssisə tərəfindən təsdiq üçün müraciət olunub. Müraciətlər əsasında 10 müəssisədə qiymətləndirmə aparılıb və həmin obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Digər müraciətlər üzrə də müvafiq işlər həyata keçirilməkdədir.
Görüş zamanı ticarət əməkdaşlığının artırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi məqsədilə hər iki ölkədə fəaliyyət göstərən qida obyektlərinin, o cümlədən heyvan mənşəli məhsulların istehsalı və emalı müəssisələrinin təsdiqi sisteminin ekvivalentliyinin tanınması məsələləri də müzakirə edilib. Eləcə də respublikamızdan bu ölkəyə ixrac olunan heyvan mənşəli məhsulların növünün və sayının artırılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.