Baytarlıq aptekində hermetik (kip bərkidilmiş, sıx qapadılmış, qaz və ya maye buraxmayan, hava keçirməyən və s.) qablaşdırılmayan baytarlıq preparatlarının saxlanılmasına və satılmasına yol verilmir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”də bildirilir.
Həmçinin sənədə əsasən, bioloji preparatların qəbulunda, buraxılmasında qablaşdırılmanın kip olmasına ciddi fikir verilməlidir. Saxlanıldığı flakonlarda çat olduqda, ağızları kip bağlanmadıqda onların qəbul edilməsinə, buraxılmasına və istifadəsinə icazə verilmir. İstifadə təlimatlarında xüsusi saxlanılma şəraiti tələb edən baytarlıq preparatlarının isə yalnız boş qablaşdırma forması vitrinə qoyula bilər. Eləcə də yalnız hermetik qablaşdırılan dezinfeksiyaedici maddələr, repellentlər, attraktantlar, insekto-akarasidlər və yemlər digər baytarlıq preparatları ilə birgə saxlanıla bilər. Rəngverici baytarlıq preparatları isə hermetik qablaşdırmalarda və xüsusi dolablarda saxlanılmalıdır.