Azərbaycan Respublikası Nazirlət Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ”Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması” Qaydalarına uyğun olaraq heyvan və quş cəmdəyinin və ya onun ayrı-ayrı hissələrinin baytarlıq-sanitariya ekspertizasından keçirilərək qida üçün, yaxud digər təyinatı üzrə yararlı olub-olmamasının baytarlıq mütəxəssisləri tərəfindən müxtəlif formalı (oval, düzbucaqlı və s.) baytarlıq damğası və ya ştampla işarələnməsi baytarlıq nişanlamasıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
Qeyd edək ki, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa və “Codex Alimentarius” Komissiyası tərəfindən hazırlanan beynəlxalq texniki normalar və qaydalara uyğun olaraq işlənib hazırlanıb. Bu sənəd ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.
Ət satışı müəssisələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.