Heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarının normadan artıq istifadəsi heyvanların əzələlərində və orqanlarında antimikrobial qalıqların çökməsi ilə nəticələnə bilər. Heyvan məhsullarında bu qalıqların olması antibiotik müqavimətli bakteriyaların inkişafı, allergiya, reproduktiv pozğunluq və yüksək həssaslıq reaksiyası da daxil olmaqla istehlakçıların sağlamlığı üçün bir sıra risklər yarada bilər. Agentlikdən Foodinfo.az-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümümdünya Səhiyyə Təşkilatı (WHO) inkişaf etməkdə olan ölkələrdə heyvan mənşəli qida məhsullarında antibiotik qalıqlarının miqdarının icazə verilən səviyyədən çox yüksək olduğunu bildirir. Bunun qarşısını almaq üçün  Avropa İttifaqı tərəfindən müxtəlif heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının qalıqları üçün maksimum qalıq limitlərini müəyyən edən qanunvericilik hazırlanıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında yüksək həssaslığa malik ikiqat kütlə spektrli maye xromotoqrafı (LC-MS/MS) cihazlarında ət və ət məhsullarında, süd və süd məhsullarında, yumurtada, bal və arıçılıq məhsullarında 19 antibiotik qalığının, ət və ət məhsullarında 5 hormon qalığının müayinəsi aparılır. Sınaqların nəticələri Codex Alimentarius standartları və Avropa mənbələrinə əsasən müqayisə olunur. Laboratoriyada tətbiq olunan metodun əhatə dairəsinin genişləndirilməsi və yeni antibiotik və hormon sınaqlarının aparılması üzərində işlər aparılır. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq beynəlxalq səriştəlilik sınaqlarında iştirak edirlər.