Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələrinin, həmçinin Belarusdan ölkəmizə qida məhsulları idxal edən sahibkarların iştirakı ilə onlayn görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTA əməkdaşları Belarus Respublikasının müvafiq nazirliyinin təmsilçilərinə və sahibkarlara bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər yeniliklər barədə məlumat verib. Bildirilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Yeni qanunla qida məhsullarının üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilmir və yanvarın 1-dən sonra istehsal olunan bu cür məhsulların idxalı, satışı qadağandır. Həmçinin etiketlənməsində Azərbaycan dilində məlumatlar olmayan qida məhsullarının idxalına və dövriyyəsinə qadağa qoyulub. Eyni zamanda bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları idxal edilməmişdən əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, eləcə də idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılır.
Eyni zamanda görüşdə bildirilib ki, qanunvericiliyin tələbinə uyğun olaraq, qeydiyyatdan keçməyən sahibkarlıq subyektləri tərəfindən quşçuluq məhsullarının ölkəmizə idxalı dayandırılacaq.
Görüş müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.