Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində fəaliyyət göstərən, “Promart” MMC-yə məxsus “Bolmart” mağazasında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, unlu qənnadı məmulatlarının qablaşdırılmasında etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı mağazanın hüquqi nümayəndəsi barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və icrası məcburi göstərişlər verilib. AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.