Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.