1. Çiyələk əslində giləmeyvə deyil!
Çünki çiyələkdə toxum yuvası yoxdur və toxumlar birbaşa şirəli lətin üzərində yerləşir. Çiyələk toxumu çöldə olan yeganə meyvədir.
2. Çiyələk aşağı kalori və qlikemik indeksə malikdir.
Aşağı qlikemik indeksə malik olması və lif tərkibinə görə çiyələyin qan şəkərinin artmasına səbəb olma ehtimalı azdır. Ona görə də 2-ci tip diabet xəstələri üçün çiyələk sağlam seçim hesab edilir. Lakin bununla belə pasiyentlərin porsiya miqdarına diqqət etmələri vacibdir. Unutmayaq ki, balanslı qidalanma sağlam qidalanmanın təməlidir.
3. Çiyələk vitamin və minerallarla zəngindir.
Bunlara fol turşusu, manqan və C vitaminini misal çəkmək olar. Fol turşusu yeni hüceyrələrin əmələ gəlməsində iştirak edir. Manqan sümüklərin sağlamlığı və beyin funksiyaları üçün faydalıdır. C vitamini immun sistemi dəstəkləyir və yaraların sağalmasında kollagen sintezinə kömək göstərir. Maraqlıdır ki, 8 ədəd çiyələkdə 1 ədəd portağaldan daha çox C vitamini var.
4. Çiyələk antioksidantlarla zəngindir.
Antioksidantlar orqanizmdəki hüceyrələrə və DNT-yə zərər verə bilən sərbəst radikallarla mübarizə aparmağa kömək edən molekullardır. Daha sadə şəkildə desək, antioksidantlar hüceyrələri zədələnmələrdən qoruyur. Çiyələyin əsas antioksidantı antosianin adlanır. Antosianin həm də çiyələyə qırmızı rəng verir. Çiyələyin tərkibindəki antosianinin miqdarı meyvə yetişdikcə artır. Beləliklə, çiyələk nə qədər qırmızıdırsa, bir o qədər xeyirlidir. Çünki tərkibində daha çox antioksidant var.
5. Çiyələk beynin funksiyasını dəstəkləyir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki çiyələyin tərkibindəki antioksidantlar beyindəki iltihabı aradan qaldırmağa, yaşla bağlı yaddaş itkisini gecikdirməyə və yaşlılarda Alzheimer riskini azaltmağa kömək edə bilər.