Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir. Artıq dəniz səviyyəsindən çox yüksək dağlıq ərazilərdə biçin aparılır. Bu mövsümdə ilk dəfə relyefi çətin, yüksək dağlıq ərazilərdə biçin prosesinə ən müasir texnologiyalara əsaslanan dağ kombaynları cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnika parkının yenilənməsi üçün ayrılan vəsaitin bir hissəsinə dünyada ən yaxşılardan hesab olunan müasir dağ kombaynları alınıb. Bu kombaynlar ilk dəfə Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərində uğurla sınaqdan çıxarılıb. Bu gün isə Şəmkir rayonunun Ələsgərli kəndində dağ kombaynları biçinə cəlb olunub.
“Aqrolizinq" ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov bildirib ki, dağ kombaynlarının əsas özəl xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. İndiyədək dağlıq ərazilərdə biçin zamanı kombaynlar 15-20 faiz itkiyə yol verirdisə, dağ kombaynları ilə biçin zamanı məhsul son dəninə qədər yığılır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir.
Bu günədək ölkə üzrə taxıl zəmilərinin 86,2 faizində biçin prosesi başa çatıb. Ümumilikdə 877 min 440 hektar sahədə biçin aparılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,4 sentner təşkil edir.
Biçin işləri artıq başa çatmış ərazilərdə təkrar qarğıdalı əkininin aparıldığını söyləyən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar
Hüseynov deyib: “Bu il təxminən 50 min hektar sahədə biçindən dərhal sonra təkrar qarğıdalı əkinlərinin aparılması proqnozlaşdırılır. Təkrar əkinlər torpaqlardan daha səmərəli istifadə etməyə, heyvandarlıqda yaşıl yemə olan tələbatı daha yaxşı ödəməyə imkan verəcək. Dövlət suvarılan ərazilərdə təkrar qarğıdalı əkinləri aparacaq fermerlərə hər hektara görə 60 manat birdəfəlik subsidiya ödəyəcək”.