Qida məhsullarının daşınması və çatdırılması zamanı mal qonşuluğu prinsipinə və qablaşdırmaya xüsusi diqqət yetirilməklə çirklənmə riskləri minimuma endirilməlidir. Həmçinin qida məhsulları çatdırılma zamanı zərərvericilər, ətraf mühitdən daxil olan yağıntı və ya digər mənbələr vasitəsilə çirklənmədən mühafizə olunmalıdır.
Foodinfo.az xəbər verir ki, bu təcrübədən bir sıra xarici ölkələrdə geniş istifadə edilir və müsbət nəticə əldə olunur. Həmin ölkələrdə həm də müəyyən edilib ki, bir-birinə uyğun olmayan qida məhsullarının birgə daşınması nəticəsində müxtəlif problemlər yaranır. Bu problemlərin qarşısını almaq üçün istehlaka hazır qidalar çiy məhsullardan, kimyəvi maddələr və qeyri-ərzaq məhsulları isə qida məhsullarından ayrı daşınmalıdır. Eləcə də qırılma riskini azaltmaq üçün şüşə və digər belə qablarda olan qida məhsulları digər qida məhsulları ilə birlikdə aparılmamalıdır.
Qeyd edək ki, qida məhsulları bioloji, kimyəvi və fiziki çirkləndiricilər vasitəsilə çirklənir. Bu çirkləndiricilər isə qida mənşəli yoluxucu xəstəliklərə səbəb olur. Bioloji çirklənmə qida məhsullarının hazırlanması, qablaşdırılması və çatdırılması zamanı qidanın düzgün saxlanmaması nəticəsində baş verə bilər. Qida məhsulları təmizləyici və şəxsi gigiyena vasitələri, eləcə də bu kimi digər qeyri-ərzaq məhsulları ilə eyni çantada daşındıqda kimyəvi çirklənmənin baş verməsi mümkündür. Qida məhsulları müvafiq qaydada qablaşdırılmadıqda və ya xarici mühitdən qorunmadıqda isə fiziki çirklənmənin baş verməsi istisna edilmir.
Onu da bildirək ki, çirklənmənin qarşısının alınması qida təhlükəsizliyinin əsas şərtlərindəndir.