Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib. Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Ötən il fevral 5-də Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bəs nə baş verir? Azərbaycanda dönər niyə vətəndaşı zəhərləyən qidaya çevrilib? Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov "Yeni Müsavat”a deyib ki, zəhərlənmə bir sıra məsələlərdən ola bilər. Mümkündür ki, adamlarda soyuqdəymə olub, ona görə adi ağır yeməkdən belə zəhərlənmə hissi keçirə bilərlər. Lakin Tahir Əmiraslanov deyir ki, 7 nəfərin eyni məkanda yediyi yeməkdən sonra zəhərlənməsi soyuqdəymə ehtimalını aradan qaldırır: "Həmin dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar”. T.Əmiraslanov zəhərlənmənin aşpazın savadsızlığı, aşpaz olmaması, həkimdən keçməməsi və onun özündə olan xəstəliyin hazırladığı yemək vasitəsilə yayılmasından ola biləcəyini də mümkün sayır: "Zəhərlənmə 48 saat ərzində mədənin yuyulması ilə təmizlənə bilir. Aşpazın xəstə olması isə digər ağır xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Qarayara, sarılıq kimi ağır xəstəlikləri də aşpaz yoluxdura bilər və heç bilinməz də ki, yoluxma harada baş verib”. Baş kulinar deyir ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalı məqamlardır: "Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Danışmışıq ki, müqavilə bağlayacağıq, hər bir sistem üzrə aşpazların sertifikatlaşdırılması həyata keçirilsin. Müraciətimizə şifahi razılıq verilib. Hazırda iş gedir. Əgər aşpaz tələbələr üçün yemək hazırlayırsa, tələbənin bədəninin tələblərinə uyğun qida hazırlamalıdır. Bağçalarda, peşə məktəblərində, fəhlə yeməkxanalarında mühitə uyğun yeməklər hazırlanmalıdır. Tutaq ki, sement zavodunda işləyənlə xəz zavodunda işləyənin yeməyi eyni ola bilməz. Azərbaycan dövləti bu məsələlərin üzərinə gec-tez gedəcək”. "Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov  zəhərlənmələrin qarşısının alınmasının yolları haqda dövlət orqanlarına müraciət ünvanlayıb. AİB sədri "Yeni Müsavat”a deyib ki, belə zəhərlənmələrin qarşısının alınması inzibati yollarla mümkün deyil: "Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlumdur ki, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, çiy ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir”. Eyyub Hüseynov deyir ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyətdədir: "Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınırlar. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır. Əgər hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektiv iş aparsa, dönərxanalar zəhərlənmə mənbəyinə çevrilməz”. AİB sədri xatırlatdı ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: "Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanmaq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də  təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib”. E.Hüseynov bazarlara ucuz, murdar ətlərin yol tapması probleminin aktual olduğunu da vurğuladı: "Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın, ona məlumat versin. Çox təəssüflər olsun ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə yazdığımız məktublara reaksiya verilmir, ictimaiyyətlə əməkdaşlıq etmək fikirində deyillər. Düşünürəm ki, qida təhlükəsizliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki murdar ət satanlara qarşı ən effektiv işi Daxili İşlər Nazirliyi görür”.