Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sağlam qidalanma ilə bağlı bir neçə vacib amilə diqqət çəkir.

Foodinfo.az xəbər verir ki, sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Məsələn, 100 qr paxlavada yüksək dərəcədə kalori (450 kkal) olsa da, bu məhsul vitamin, mineral, zülal və lif baxımından çox zəif tərkibə malikdir. Çox aşağı kalorili yumurta isə (1 ədəd ortaölçülü yumurta 60 qr – 92 kkal) qida dəyəri baxımından daha üstündür.

Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Bu da öz növbəsində ikinci tip diabet, ürək-damar xəstəlikləri, piylənmə və bir sıra digər sağlamlıq problemlərinə yol açır. Buna görə də, şəkər və sadə karbohidratları yüksək olan qidaların istehlakı məhdudlaşdırılmalı, tam taxıllardan hazırlanmış, bol zülal və lif tərkibli qidalara, noxud, lobya və digər paxlalı bitkilərə, həmçinin tərəvəzlər kimi mürəkkəb karbohidratlara üstünlük verilməlidir.

Bununla bağlı AQTA tərəfindən xüsusi videoçarx da hazırlanıb. Videoçarxı təqdim edirik:

https://youtu.be/zSfEoJU83xg