Enerji içkilərinin resepti ötən əsrdə yapon istehsalçıları tərəfindən işgüzar rəhbərlər üçün icad edilib, indi isə enerji içkiləri reklamlarda gündəlik istehlak üçün nəzərdə tutulan içki kimi yer alır. Lakin onlar nəinki zərərlidirlər, hətta asılılıq da yarada bilərlər.
Foodinfo.az xəbər verir ki, bu barədə Life-a Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti, hüceyrə bioloqu Aleksandr Sozıkin məlumat verib.
Mütəxəssis vurğulayıb ki, enerji içkilərindən gün ərzində 0,5 litrdən çox içmək olmaz. Üstəlik, bu içkilərin gündəlik istehlakı ilə 3-6 ay ərzində alışqanlıq yarana bilər ki, bu da patoloji asılılığa çevrilə bilər.
Yüksək dozada enerji içkilərinin müntəzəm və nəzarətsiz istifadəsinin nəticələri də üzücü ola bilər. Bu içkilər aritmiya, infarkt, insult, qəfil huşu itirmə və ardınca baş verən qəza nəticəsində ölümə, həmçinin, ishal, qusma, mədə xorası xəstəliyinin kəskinləşməsi kimi bir sıra problemlərə səbəb ola bilər.