Ət satışı müəssisəsində iş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Foodinfo.az xəbər verir ki, digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. 

Sənədə əsasən, müəssisənin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin edilməlidir

Qeyd edək ki, ət satışı müəsisəsində ət və ət məhsullarının qəbulu, saxlanılması və satışı zamanı toplanan və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullar tullantıdır.