Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən toxum satışı ilə məşğul olan müəssisələrdə monitorinqlər keçirilib. Monitorinqlər zamanı bibər və pomidor toxumlarından götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında virusoloji müayinəsi nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Mirzəyev Ağacabir Mirnəcəf oğluna məxsus mağazada satışı həyata keçirilən “Yalova Çarlston”, “BT İnce Sivri Kıl Acı 016”, “BT Çorlu” və “Sera Demre 8” əmtəə nişanlı bibər toxumlarında pomidorun bürünclük virusu (Tomato spotted wilt virus) və pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış istifadəyə yararsız bibər toxumlarının məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və bitkiçilik məhsullarının əmtəəlik keyfiyyətini aşağı salan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.