Taxıl biçinini başa çatdıran Füzuli rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 118 min 31 ton məhsul əldə ediblər. Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, toplanmış məhsulun 92 min 379 tonu buğda, 25 min 652 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 31,4 sentner, o cümlədən buğda sahələrində 32,1 sentner, arpa sahələrində isə 29,1 sentnerdir. Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır, təkrar qarğıdalı əkini həyata keçirilir. Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 37 min 575 hektar sahədə taxıl səpini həyata keçirilib. Zəmilərin 28 min 778 hektarı buğda, 8797 hektarı isə arpadır. Artıq 10 ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.