Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Əhmədbəyli kəndində fəaliyyət göstərən ət kəsimi məntəqəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyənləşdirilib.

Məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, satışa təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərə malik olmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçirilmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əlyuma çanaqlarının mövcud olmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, məntəqənin fəaliyyəti məhdudlaşdırılıb.