Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən ticarət mərkəzində fəaliyyət göstərən fiziki şəxs Əmiraslanov Zaur Səhrab oğluna məxsus ət satışı mağazasında plandankənar yoxlama aparılıb. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib. Belə ki, mağazada mənşəyi məlum olmayan, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət məhsullarının satışa təqdim olunduğu, ət satışı sahəsinin mütəmadi olaraq təmizlənib dezinfeksiya olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına təqdim edilib və məhsullar saxlanca qoyulub. Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.