Gün ərzində 1-2 yumurtadan çox yemək olmaz.
Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux danışıb.
Onun sözlərinə görə, çox yumurta yemək sağlamlığınıza mənfi təsir göstərə bilər.
Belə ki, yumurtanın sarısının tərkibində xolesterin var, onun orqanizmdə artıqlığı isə aterosklerozun inkişafını sürətləndirir. Bu xəstəlik zamanı damarlarda lövhələr əmələ gəlir, bu isə infarkt və insult riskini artırır.
Bundan əlavə, yumurtanın ağı allergiyaya səbəb ola bilər, bu halda toyuq yumurtalarından imtina etmək lazımdır. Lakin belə bir allergiya olduqca nadir rast gəlinir.
Həkim yumurtanın faydalı xüsusiyyətlərini də sadalayıb. Onun tərkibində maddələr mübadiləsinə müsbət təsir göstərən, toxumaların qurulmasında, immunitet müdafiəsində iştirak edən amin turşuları var.
Yumurtanın tərkibində hüceyrədəki fosfolipid təbəqəsini bərpa etməyə kömək edən, onu məhv olmaqdan qoruyan lesitin də var. Bundan əlavə, beyin, onurğa və sinir hüceyrələrinin qoruyucu membranları 66% lesitindən ibarətdir.
Həmçinin, toyuq yumurtaları metabolik proseslər, sümüklərin böyüməsi və immunitetin qorunması üçün son dərəcə vacib olan D vitamini mənbəyidir. Kalsium və fosfor D vitamini ilə birlikdə sümükləri və dişləri gücləndirir.
Kaşuxun sözlərinə görə, tərkibində çoxlu doymamış yağ turşuları olan, o cümlədən kətan toxumu, soya, kolza və zeytun kimi bitki yağlarında omlet bişirmək məsləhət deyil. Belə yağ qızdırıldıqda bədən üçün zəhərli olur.
Həkim salmonellyoza yoluxma riskinin yüksək olduğuna görə çiy yumurta istifadəsindən imtina etməyə çağırıb. Lakin yumurta 5-10 dəqiqə qaynadıqdan sonra patogen məhv olur.
Fərid