Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən İran İslam Respublikasından idxal olunan portağal və Belarus Respublikasından gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib. Götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Aparılmış ekspertiza nəticələrinə əsasən, İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib. İrandan olan ixracatçılara məxsus portağal məhsullarında aşkarlanan uyğunsuzluqlardan 20-si “Tejarat Rejal Zagros”, 15-i “Grohe Bazargani Rangin Miveh Khavarmiane”, 5-i “Armin Tejarat Tabriz”, 4-ü “Fajr Tandis Ourasia” və 4-ü “Shirin Noosh Tejarat” şirkətlərinin payına düşüb.  Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü "Совхоз Доброволец", 5-i "Восход", 3-ü “Царево”, 3-ü isə "Машпищепрод" şirkətlərinə aid olub. 

Faktlarla əlaqədar AQTA tərəfindən İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Belarus Respublikasının Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Qeyd olunanlara əsasən, Agentlik tərəfindən İran İslam Respublikası və Belarus Respublikasının adıçəkilən ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulması qərara alınıb.

Qeyd edək ki, bir müddət əvvəl AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri sözügedən məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik bu kimi hallar aşkar olunduğu təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına bötüvlükdə müvəqqəti məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı bir daha xəbərdarlıq edir.