Virus mənşəli bitki xəstəliklərinin idarə olunmasında ən səmərəli üsul istehsal sahəsinə virusun daxil olmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

İstixanalarda xəstəliklərə davamlı və zərərli orqanizmlərdən azad sertifikatlı səpin və ya əkin materialından istifadə edilməlidir. Bununla yanaşı, toxum 1% natrium fosfat məhlulunda 45 dəqiqə, sonra 0,5%-li natrium hipoxlorid məhlulunda 30 dəqiqə saxlanıla bilər. Toxumlar məhlulda qarışdırılmalı və məhluldan çıxarıldıqdan sonra bir neçə dəfə təmiz suda durulaşdırılmalıdır.

Pepino mozaika virusunun yayılmasını və daşınmasını minimuma endirmək üçün, məhsul istehsalının bütün mərhələlərində ciddi gigiyena qaydalarına əməl etmək və əkinlər arasında hərtərəfli təmizləmə prosedurunu həyata keçirmək olduqca vacibdir.

Alət və ləvazimatların dezinfeksiyası:

- Dezinfeksiya məqsədilə istifadə edilən maddələr virus öldürücü xüsusiyyətə malik olmalı, daha yüksək konsentrasiyalarda və ən azı bir neçə dəqiqə ərzində istifadə edilməlidir;

- İstixananın virusdan təmizlənməsinə tam əmin olmaq üçün yoluxmuş bitkilərin çıxarıldığı ərazilərdə asqı ipləri, damcı suvarma vasitələri və substratlar dezinfeksiya edilməli, bu mümkün olmadıqda isə dəyişdirilməlidir;

- Qablaşdırma bölməsində çalışan işçilər mümkün qədər istehsal sahələrində işləməməlidirlər. Ehtiyac olduğu hallarda işçilər istehsal sahəsinə getməzdən əvvəl əlləri dezinfeksiya etməli, əlcək taxmalı, təmiz kombinezon geyinməli və ayaqqabıları mütləq dezinfeksiya etməlidirlər;

- Bitki qalıqlarının təmizlənməsi və dezinfeksiya işlərinin istixanalarda çıxışa doğru edilməsi daha effektlidir;

- Beton səthlər, yerüstü hava və isitmə boruları xüsusi təzyiqlə yuyulmalıdır;

- Suvarma suyunun və təkrar dövriyyə suyunun dezinfeksiya edilməsi təmin edilməlidir. Damcı xətləri təmizlənərək dezinfeksiya edilməli və ya dəyişdirilməlidir. Xətləri təmizləmək üçün suvarma sistemində turş mühit yaradılmalı və xətlərdəki çöküntüləri çıxarmaq üçün 24 saat buraxılmalıdır. Bundan sonra təmiz su ilə yuyulmalıdır. Çənlər də 24 saat ərzində bir neçə dəfə dezinfeksiyaedici ilə yuyulmalı, daha sonra təzə su ilə yuyulmalıdır;

- Dezinfeksiyaedici damcı dirəklərinə səpilməli və sonra su ilə yuyulmalıdır.

Şitilliklərdə gigiyena:

- Şitilliklərdə mütəmadi müşahidələr aparılmalıdır. Ştilliklərdə işləyən işçilər infeksiyanın yayılmasının qarşısını almaq üçün istehsal sahələrində işləməməlidirlər. Bu mümkün olmadığı hallarda isə işçilər əvvəlcə şitilxanalarda, sonra istehsal sahələrində işləməlidirlər;

- Şitilliklərdə işləyən işçilər mütləq şəkildə təmiz və dezinfeksiya edilmiş geyimlərdən istifadə etməlidirlər. Şitilliklərin girişində bütün işçilər, arabalar və nəqliyyat vasitələri üçün dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir;

- İstehsal sahəsində tətbiq edilən müvafiq qabaqlayıcı gigiyena-sanitariya tədbirlərinə şitilliklərdə daha ciddi əməl olunmalıdır.