Kapra böcəyinin (Trogoderma granarium) vətəninin Hindistan yarımadası olduğu ehtimal edilir. Zərərverici əsasən Afrika materikində, eləcə də Yaxın Şərqdə və Cənubi Asiyanın müəyyən ərazilərində yayılıb. Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı tərəfindən bu böcəyə Türkiyə Respublikasında və bu ölkəyə qonşu olan bəzi dövlətlərdə də rast gəlindiyi bildirilib. Foodinfo.az xəbər verir ki, kapra böcəyinin Azərbaycanda aşkarlanması ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.

Kapra böcəyi adətən isti və quru mühitdə yaşaya bilir. Buna görə də ilin ən azı 4 ayı ərzində temperatur 20°C-dən yuxarı, nisbi rütubət 50%-dən aşağı olan müvafiq ərazilərdə zərərvericiyə rast gəlinə bilər.

Kapra böcəyinə əsasən taxıl və taxıl məhsullarında, yağlı toxumlarda, xüsusilə yerfındığında, paxla və paxlalı məhsullarda, eləcə də qarışıq heyvan yemlərində təsadüf olunur. Zərərvericinin əsas sahib bitkilərinə yerfındığı, soya, çəltik və yumşaq buğda daxildir. Həmçinin yulaf, pekan, noxud, arpa, yunan qozu, mərcimək, üzüm, yaşıl noxudbadam, qarğıdalı və digərləri də zərərvericinin sahib bitkilərinə aid edilir.

Kapra böcəyinin yetkin fərdi ətraf mühit şəraitinə görə rəngini dəyişir. Zərərverici açıq sarı, tünd qonur və digər rənglərdə olur. Böcəyin uzunluğu 1,6-3,0, eni 0,9 -1,7 mm-dir. Kapra böcəyinin bədən forması uzunsov-ovaldır. Erkək fərdlər bədən ölçüsünə görə dişi fərdlərdən nisbətən kiçikdir. Kapra böcəyinin həm erkək və həm dişi fərdlərinin qanadları var. Üst qanadlar sərt və naxışlıdır. Bu qanadların altındakı membran qanadlar isə qısadır və inkişaf etməyib. Buna görə də, həmin qanaqlar zərərvericinin uçmasına kömək edə bilmir.

Kapra böcəyinin yetkin dişi fərdi inkişaf tsikli ərzində sahib bitkiyə orta hesabla 50-90 yumurta qoyur. Yumurtanın inkişafı 20-40ºC temperaturda 3 gündən 14 günədək davam edir. Yumurtadan çıxmış sürfələr zədələnmiş toxumlarla qidalanır. Sürfələr 25ºC-dən aşağı temperaturda diapauza mərhələsinə keçir. 25-30ºC temperaturda  isə inkişafını 15 gün ərzində tamamlayaraq pup mərhələsinə başlayır. Pup 12-23 gündən sonra yetkin fərdə çevrilir. Ümumiyyətlə zərərvericinin yumurtadan yetkin fərdə qədər olan inkişaf müddəti  35ºC temperaturda 26 gün, 30ºC-də 39-45 gün olur. 21ºC-də isə bu müddət  220 günə qədər davam edir. Yetkin cütləşmiş dişi fərdlər 4-7, cütləşməmiş dişi fərdlər 20-30, erkək fərdlər isə 7-12 gün yaşayır.

Kapra böcəyinin sürfələri bitkinin toxumunu toza çevirərək xarici hissəsindən sirayətləndirməyə  başlayır. Gənc sürfələr zədələnmiş, nisbətən yaşlılar isə sağlam toxumları zədələyərək ilk növbədə onların rüşeymi ilə qidalanır. Bunun nəticəsində toxumlar çox qısa müddətdə cücərmə qabiliyyətini itirir.

Kapra böcəyi karantin obyekti kimi saxlanılan məhsulların əhəmiyyətli zərərvericilərindən hesab olunur. Böcəyin kütləvi populyasiyaları qısa müddət ərzində taxıl və paxlalı toxumları məhv edə bilir. Bu zərərverici ilə sirayətlənmə nəticəsində  məhsulun 70%-nin itkiyə getməsi mümkündür.  

Kapra böcəyinin ekspress risk təhlili Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Elmi Araşdırmalar Mərkəzi“ departamenti tərəfindən hazırlanıb və xidməti istifadə üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilib.