İri və xırdabuynuzlu heyvanların kəsim məntəqələri müvafiq bölmələrdən ibarət olmalıdır. Bunlardan biri kəsimdən qabaq saxlanma bölməsidir. Bu bölmədə kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, kəsim məntəqələrinə daxil olan heyvanlar və ya quşlar dövlət baytarlıq müfəttişi tərəfindən müayinə olunmalıdır. Müayinə zamanı xəstə və ya xəstəliyə şübhəli heyvan və ya quş olarsa, habelə heyvanların və ya quşların həqiqi baş sayı müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) göstərilən baş sayına uyğun gəlmədiyi halda, belə heyvanlar və ya quşlar diaqnoz təyin olunana qədər izolyatorda saxlanılmalıdır.

Qeyd edək ki, kəsimə qədər sağlamlığı şübhə doğuran heyvanların müvəqqəti saxlanması üçün xüsusi ayrılmış yer izolyatordur.