Heyvan və quş kəsimi məntəqəsindəki soyuducu və dondurucu avadanlıqlar “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yoxlamadan keçmiş termometrlərlə təchiz olunmalı, temperatura nəzarət edilərək bu barədə temperatur cədvəllərində mütəmadi qeydlər aparılmalıdır. Soyuducu qurğuların kondensat suyunun heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təması isə yolverilməzdir. Daşınma üçün istifadə olunan və müvafiq soyuducu sistemə malik nəqliyyat vasitələri də təmiz saxlanılmalı, dezinfeksiya edilməli, digər qida məhsullarının daşınması üçün istifadə olunmamalı, əgər belə hal baş verərsə, nəqliyyat vasitələri ət və ət məhsulları daşınmazdan əvvəl yenidən təmizlənib, dezinfeksiya edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
Eyni zamanda sənəddə bildirilir ki, heyvan və quş kəsimi məntəqəsindəki soyuducularda ət və ət məhsulları +4 °C dərəcədə, sub məhsullar (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) +3 °C dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18 °C ÷ -12 °C dərəcədə saxlanılmalıdır. Sub məhsullar ayrıca soyuducu və ya dondurucularda olmalıdır. Mal qonşuluğu prinsipinə əsasən, sub məhsullar digər heyvan mənşəli qida məhsullarından ayrılıqda ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducuda və dondurucularda saxlanıla bilər.