Kodeks Alimentarius Komissiyasının fəaliyyətə başlamasının 60 illiyinə həsr olunmuş xüsusi jurnal nəşr olunub. Foodinfo.az xəbər verir ki, nəşrdə ötən aylarda Qida Təhlükəsizliyi Agentliyinin 5 və Kodeksin isə 60 illiyinə həsr olunan “Qida standartları həyatları xilas edir” mövzusunda Bakıda keçirilmiş tədbir haqqında da məlumata yer verilib. Həmçinin Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri – Kodeks Alimentariusun Azərbaycan üzrə Milli Əlaqələndiricisi Ramazan Nəbiyevin “Kodeks Əlaqələndiricisinin bir günü” mövzusunda məqaləsi dərc edilib. Məqalədə R. Nəbiyev Kodeks tərəfindən qəbul olunan qida standartaları və tələbləri ilə bağlı məlumatların ölkəmizdəki maraqlı tərəflərlə bölüşülməsi, həmçinin müvafiq sənədlərin yerli qanunvericiliyə uyğunlaşdırılması məsələlərinin iş prinsipi haqqında məlumat verib. Qeyd olunub ki, emal, istehsal və ixracla məşğul olan yerli sahibkarlıq subyektlərinin beynəlxalq tələb və standartlara cavab verməsi istiqamətində təkmilləşdirmə işləri və təşviq kampaniyaları icra olunur.
Qeyd edək ki, cari ilin 14-15 sentyabr tarixlərində Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və AQTA-nın birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda Agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbir keçirilmişdi.