Tərkibi, mənşəyi və s. eyniliyi ilə seçilən və yükün bir hissəsini təşkil edən eyni bir mal vahidlərinin məcmusu məhsul partiyasıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, bir ölkədən digərinə daşınan və fitosanitar sertifikatla müşayiət olunan bitki, bitkiçilik məhsulları və (və ya) digər materialların (əkin və səpin materialları - toxum, ting, şitil və s.) hər hansı miqdarı (yüklər bir və ya çox mallardan və ya partiyalardan ibarət ola bilər) isə yükdür.
Qeyd edək ki, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın və 31 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartın tələbləri nəzərə alınaraq hazırlanıb. Bu Təlimat Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.