Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Booom" konfetlərindən məktəblilərin zəhərlənməsi faktı ilə bağlı araşdırmaya başlayıb. Agentliyin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat artıq mediyadan götürülərək qeydə alınıb və araşdırılması üçün aidiyyatı üzrə yönləndirilib. "Vətəndaşlardan xahiş edirik ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal Agentliyin 1003 Qaynar xəttinə zəng edib ətraflı və dəqiq məlumatlar versinlər. Bu zaman plandankənar araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür". Həmçinin bildirilib ki, araşdırma nəticəsində xəbərin nə dərəcədə əsaslı və ya əsassız olduğu müəyyən olunacaq. Qeyd edək ki, müğənni Elnarə Xəlilova sosial şəbəkədə “Booom!” konfetlərinin fotosunu paylaşaraq onun zəhərlənməyə səbəb olduğunu qeyd edib. "Bu konfetin satışı artıq məktəbdə dayandırıldı. Siz də almayın. Məlum olub ki,onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir.Allah bütün balaları qorusun. Bu hadisə 2 gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”, - deyə müğənni qeyd edib.