Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq, qida sahəsində fəaliyyət göstərən müəssisələrdə sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda xəstəlik daşıyıcılarından qida vasitəsilə bir sıra dəri və yoluxucu xəstəliklər ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində AQTA tərəfindən aparılan monitorinqlər zamanı 2134 ictimai iaşə və ticarət müəssisəsində 7573 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, məsul şəxslərə dəfələrlə xəbərdarlıq olunaraq icrası məcburi göstərişlər verilsə də, həmin subyektlərin bəziləri tərəfindən nöqsanların aradan qaldırılmadığı, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmadıqları məlum olub. Bu da nəticədə AQTA tərəfindən aparılan planlı və plandankənar yoxlamalar zamanı 29 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 106 nəfərin tibbi müayinədən keçərək sağlamlıq arayışını təqdim edənədək müvəqqəti kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsinə səbəb olub.