2023-cü ildə idxal edilən bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq olunan zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 829 bildiriş göndərilib ki, bunlardan 49-u əkin və səpin materiallarında aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Yaşıl dünya naminə” Bitki Sağlamlığı forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, fitosanitar nəzarət tədbirləri çərçivəsində idxal zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı bir sıra idxalçıların məhsul idxalına müvəqqəti qadağalar tətbiq edilərək Agentlik tərəfindən qərarlar qəbul olunub və icrası təmin edilib.
“Bununla yanaşı, Agentlik tərəfindən əsas ixrac potensiallı bitkiçilik məhsullarının (pomidor, kartof, soğan, nar, çiyələk, üzüm, tumlu-çəyirdəkli və qərzəkli meyvələr və s.) ilkin istehsalı təsərrüfatlarında müşahidə və monitorinqlərin sistemli olaraq təşkili məqsədilə Milli Monitorinq Planı hazırlanaraq icrası təmin edilib.
Sözügedən Monitorinq Planı çərçivəsində 2023-cü il ərzində 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb. Həmin təsərrüfatlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 172 təsərrüfatda 176 karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb və zəruri tədbirlər görülüb. Agentlik tərəfindən aşkar olunan zərərli orqanizmlərə qarşı həyata keçirilən bütün bu tədbirlər isə ölkənin fitosanitar vəziyyətini nəzarətdə saxlamağa imkan verir”,- deyə Q.Təhməzli əlavə edib.