Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir.

Həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən pestisidlərlə bağlı yeni maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda pestisidlər, pestisidlərin daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda pestisidlərlə işləyən zaman istifadə edilməli olan geyimlər, pestisidlərin təsirinə məruz qalan şəxslərə yardım göstərilməsi üsulları, eləcə də yararlılıq müddəti bitmiş pestisidlərin dövriyyədən çıxarılması barədə məlumatlar əks olunub.

Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir.

AQTA tərəfindən pestisidlərlə bağlı hazırlanan maarifləndirici videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=mzYYruMVi2o