Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır.
Foodinfo.az bildirir ki, qida sənayesində əsasən plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından (süd məhsullarının və içkilərin saxlanılması üçün istifadə olunan tetra-pak qablaşdırma) istifadə olunur.
"Tarladan süfrəyədək" qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu vardır.
Bununla belə, qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər və yaxud da əksinə. (məsələn, qablaşdırma materialının hazırlanmasında istifadə edilən boyaq maddəsi yağda həll olursa, yağlı məhsulların həmin qablaşdırma materialı ilə qablaşdırılması yolverilməzdir)
Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur.