Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə olunur. Foodinfo.az xəbər verir ki ki, həmçinin soyuduculardakı yeməklərin saxlandığı qabların üstünün neylonla deyil, qapaqla bağlanması arzuolunandır. Eyni zamanda qidaları, xüsusilə meyvə və tərəvəzləri plastik qablarda saxlamamaq, sobada bişirilən yeməklərin üstünü folqa ilə örtməmək, şüşə və ya çini (farfor) qablardan istifadə etmək məsləhət görülür. 

Qeyd edək ki, istehsal, emal, qablaşdırılma, daşınma, saxlanma və istehlak zamanı istifadə edilən qabların qida məhsulları ilə birbaşa təmasda olan, yəni qidaya toxunan hissəsi “qida ilə təmas edən material” adlandırılır. Qida ilə təmas edən istənilən material isə insan sağlamlığına mənfi təsir edə biləcək kimyəvi maddələri qida məhsuluna buraxmamalıdır. Bunun üçün də müvafiq qablaşdırma materialları mütləq texniki normativ aktlarla müəyyənləşdirilən tələblərə cavab verməlidir.