Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsi 16 ünvanında yerləşən, Əliyev Dünyamin Musa oğluna məxsus hisə verilmiş toyuq məhsullarının istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, həmçinin temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, eləcə də xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə məhsulların istehsalı dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.