Prezidentin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul olunub.
Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib. Həmin layihələr əsasında kəsim məntəqələrinin yaradılması istiqamətində regionlarda sahibkarlarla çoxsaylı maarifləndirici görüşlər keçirilib və mütəxəssislər tərəfindən onlara hərtərəfli metodiki kömək davam etdirilir.
“Görülmüş işlər nəticəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 83-ə çatdırılıb və hazırda bu sahədə işlər daha da genişlənməkdədir.
Təəssüflə qeyd etməliyik ki, ölkə ərazisində hələ də 14 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda həmin rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir. Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Hacıqabul, Kürdəmir, Lerik, Neftçala, Qax, Saatlı, Ucar, Xızı və Yardımlı rayonlarında qanunu heyvan kəsimi məntəqələri mövcud deyil”, - deyə AQTA-dan bildirilib.
Qeyd edək ki, sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar kömək və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları əldə etmək üçün Agentliyin müvafiq regional bölmələrinə müraciət edə bilərlər.