Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. Sənədə əsasən, qida məhsullarının daşınması üçün yalnız həmin məqsədlər üçün təchiz olunmuş xüsusi nəqliyyat vasitələri istifadə edilir. Daşınma əməliyyatları istehlakçılar üçün qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını tam təmin edən şəraitdə aparılmalıdır.
Həmçinin nəqliyyat vasitələrinin yük bölmələri qida məhsullarından başqa digər məhsulların və əşyaların daşınması üçün istifadə edilməməlidir. Qida məhsulları daşınan nəqliyyat vasitələri, konteynerlər və ya çantalar digər qida məhsullarının daşınması üçün və ya müxtəlif qida məhsullarının eyni zamanda daşınması üçün istifadə olunarsa, çirklənmə riskinə yol verilməməsi üçün daşıma vasitələri yükləmələr arasındakı müddətdə tam təmizlənməlidir. Müxtəlif qida məhsullarının eyni nəqliyyat vasitələri, konteynerlər və ya çantalarla birlikdə daşınması zamanı fərqli məhsulların bir-biri ilə təmasına, qida məhsulunun çirklənməsinə və orqanoleptik xüsusiyyətlərinin dəyişməsinə səbəb olan şəraitin yaranmasına yol verilməməlidir.
Eyni zamanda qida məhsullarının daşınması üçün istifadə olunan qablar müvafiq temperatur, rütubət və digər zəruri mikroiqlim şəraitində daşınmasına, həmçinin temperatur və rütubətin izlənilməsinə imkan verməlidir. Tez xarab olan məhsullar yalnız xüsusi izolyasiya edilmiş qablarda və xüsusi temperatur şəraiti olan avadanlıqlarda daşınmalıdır.