İyunun 7-də Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında keçirilən görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar və həmin qaydaların icra mexanizmləri müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyinin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a bildirilib ki, hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyiblər. Daha sonra sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırılıblar.
S.Mehdiyev və Q.Təhməzli Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün yaradılan iş şəraiti ilə də tanış olublar.
Görüşün sonunda birgə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb, müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.