Qida məhsulları özünəməxsus orqanoleptik və fiziki-kimyəvi parametrlərə, həmçinin indiki və gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradan, kimyəvi, radioaktiv, bioloji fəal maddələrin və onların birləşmələrinin, mikroorqanizmlərin, digər bioloji orqanizmlərin yol verilən miqdarının təminatı üçün mövcud texniki-normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Qaydalara əsasən, qida subyektləri tərəfindən qida məhsulları üçün müəyyən edilmiş mikrobioloji göstəricilərə uyğunluğun və ətraf mühit temperaturunda təhlükəsiz saxlanması mümkün olmayan qida məhsullarında “soyuq zəncir” prinsipinin qorunmasının təmin edilməsi ilə bağlı gigiyena tələblərinə əməl edilməlidir.
Qeyd edək ki, qida obyektlərinin ilkin istehsal və əlaqəli fəaliyyətləri ilə bağlı gigiyena tələbləri bu Qaydaların 1, qida obyektlərinin ilkin istehsal və əlaqəli fəaliyyətləri ilə bağlı gigiyena tələbləri istisna olmaqla, digər qida obyektləri üçün gigiyena tələbləri isə 2 nömrəli əlavəsində göstərilib.
Onu da bildirək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.