Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlanıb.
Foodinfo.az xəbər verir ki, videoçarxda qeydiyyat və nəzarət sistemi olan qida təhlükəsizliyi qeydiyyatı haqqında ətraflı məlumat verilib. Eyni zamanda qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı aparılan obyektlərin, eləcə də ölkə ərazisində qida obyektləri olmadan müvafiq sahədə fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı mexanizmi nəzərə çatdırılıb. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən yüksək risk qrupuna aid qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektlərinin təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi ilə bağlı qaydalar əks olunub. Bundan başqa, videoçarxda xarici qida obyektlərinin təsdiqi məsələsinə də geniş yer ayrılıb. İstehsal etdikləri yüksək risk qrupuna aid qida məhsullarının respublikamıza gətirilməsini istəyən müəssisələrin qeydiyyatının aparılması, təsdiq olunması və ya təsdiqdən imtina edilməsi şərtləri barədə ətraflı məlumat verilib. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida məhsullarının idxalının mümkün olmamasına dair məlumatlar əks olunub.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə qida obyektlərinin qeydiyyatı və təsdiqi prosesi ilə daha asan şəkildə tanış ola və bu barədə geniş məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair hazırlanan videoçarxla bu link vasitəsilə tanış ola bilərsiniz.