Qida subyektləri “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da müəyyən edilmiş qabaqcıl gigiyena təcrübəsi ilə yanaşı, HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) prinsiplərinə əsaslanan prosedurların tətbiqini də dəstəkləməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normnaları və qaydaları”nda bildirilir. Həmçinin sənədə əsasən, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan istehsal proseslərinin qabaqcıl gigiyena təcrübələrinə və HACCP prinsiplərinə müvafiq aparılmasını yoxlamaq və ya təsdiqləmək üçün qida subyektlərinin müvafiq mikrobioloji göstəricilərə uyğun müayinələrinin (analitik istinad metodunun) həyata keçirilməsini təmin etməlidir. Mikrobioloji göstəricilərə görə, birbaşa təyinatı üçün yararsız olan, lakin insan və heyvan sağlamlığı üçün risk təşkil etməyən məhsul partiyası HACCP prinsiplərinə və qabaqcıl gigiyena normalarına əsaslanan prosedurlardan istifadə etməklə, həmçinin qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın qərarı ilə təyinatını dəyişməklə digər məqsədlərlə istifadə edilə bilər.
Qeyd edək ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir.
Onu da bildirək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar” qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir. Mikrobioloji göstəricilərin istifadəsi HACCP əsaslı prosedurların və digər gigiyenik nəzarət tədbirlərinin həyata keçirilməsinin ayrılmaz hissəsini təşkil edir.