Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşlar əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma, qida təhlükəsizliyi sahəsində həyata keçiriləcək islahatlar və və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Agentliyin sədri Q. Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Sədr vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.