“Qida təhlükəsizliyi ilə bağlı ayrıca müstəqil qanun qəbul olunacaq”. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovparlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin iclasında məlumat verib. O qeyd edib ki, yaz sesssiyası dövründə komitəyə “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin təqdim edilməsi gözlənilir: “Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbuluna da ehtiyac var. Belə bir qanun lazımdır. Çox güman ki, yaz sessiyası dövründə bu sənədlə bağlı ən azı ilkin müzakirələri apara biləcəyik”. E. İbrahimov eyni zamanda qeyd edib ki, yaz sessiyası dövründə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirələri nəzərdə tutulur. Onun sözlərinə görə, adıçəkilən sənədin müzakirələri hələ 2017-ci ilin payız və 2018-ci ilin yaz sessiyalarında nəzərdə tutulsa da, müəyyən səbəblərdən baş tutmayıb: “Bildiyiniz kimi, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyində həm rəhbərlik, həm kadr, həm də srtuktur dəyişiklikləri baş verdi. Odur ki, sənədin üzərində yenidən işlər davam etdirildi. Məndə olan məlumata görə də, sənəd artıq müzakirələrə hazırdır və bu baxımdan, onun yaz sessiyasında müzakirələri baş tuta bilər”. Deputat bununla yanaşı, “Meliorasiya və irriqasiya haqqında” qanunla bağlı müəyyən yeniliklərin gözlənildiyini bildirib. Qeyd edib ki, hazırda belə bir qanun mövcuddur, amma onun yeniləndirilməsinə, təzələnməsinə ehtiyac yaranıb: “Odur ki, yaz sessiyasında həmin qanunla da bağlı dəyişiklikləri özündə ehtiva edən qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözlənilir”.