Yay fəsli istirahət və gəzinti üçün nə qədər arzuolunan və əlverişli olsa da, özü ilə çoxlu qayğılar da gətirir. Yay mövsümündə ən çox narahatlıq doğuran və daha çox geniş yayılan qida toksikoinfeksiyaları, sadə dildə desək, zəhərlənmələrdir.
Həmin patologiya barədə məlumat verən Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva yay mövsümündə qida zəhərlənmələrinin sayının artmasının, ilk növbədə, iqlim şəraiti və havaların istiləşməsi ilə əlaqədar olduğunu söyləyib. O deyib ki, havanın hərarəti çox olanda müəyyən patogen mikrobların da inkişaf sürəti artdığına görə yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Eyni zamanda, yayda bəzi mövsüm xarakterli yeməklər, o cümlədən meyvə və tərəvəzlərlə qidalanma da həmin halların sayını artırır.
Həkim deyib: “Əsasən zəhərlənmə halları qida məhsullarının düzgün saxlanılmaması, istehsal müddəti ötmüş malların qəbulu ilə əlaqədardır. Dondurma, müəyyən ət məhsulları, məsələn, dönər, şirniyyat məhsulları və digər qidaların yay fəslində saxlanma müddəti çox az olur. Həmin məhsulların 2-3 saat düzgün şəraitdə saxlanılmaması qida zəhərlənməsinə səbəb ola bilər. Eyni zamanda, qarpızdan zəhərlənmə halları yay aylarında daha çox olur. Qarpız ağacda yox, torpaqda bitən qida məhsuludur və çox vaxt onun satışı açıq yerlərdə aparılır, yeyiləndə yuyulmadan kəsilməsi onun şirin lətinə mikroblar salır. Həmin mikrob və patogenlər orada inkişaf edərək yeyiləndən bir neçə saat sonra zəhərlənməyə səbəb olur: ürəkbulanma, qusma, hərarətin yüksəlməsi, ümumi zəiflik, halsızlıq və s. Bu, qida toksikoinfeksiyası nəticəsində baş verən zəhərlənmədir.
Bir çox hallarda qida zəhərlənmələrinin inkubasiya dövrü 30 dəqiqədən 1 saata qədər, adətən bir neçə saat olur. Bundan sonra zəhərlənmə əlamətləri ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, ishal və bədən hərarətinin yüksəlməsi, başağrısı, ümumi əzginlik, qarında sancışəkilli ağrı ola bilər”.
Qida zəhərlənmələrinin növləri barədə danışan şöbə müdiri bildirib: “Ən ağır növ və ən çox ölüm hallarının baş verdiyi qida zəhərlənməsi botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərin, kolbasa məhsullarının yeyilməsi nəticəsində baş verir. Anaerob, yəni, oksigensiz mühitdə qidaya düşən törədici mikrob insan üçün çox zəhərli olan botulotoksin əmələ gətirir. Botulotoksinli konservin yeyilməsi ağır zəhərlənməyə səbəb olur. Qalan qida zəhərlənmələri adətən stafilokok, protey, klebsiella və s. kimi mikrobların törətdiyi xəstəliklərdir və onlar da yüngül, orta ağır və ağır formada keçə bilər".
Zəhərlənmə müşahidə edildikdə ilkin yardım tədbirləri barədə həkim bunları məsləhət görüb: “Birinci növbədə mədə-bağırsağı yumaq, o cümlədən çoxlu su içmək, bağırsaqlara təmizləyici imalə etmək, mümkün olmayanda isə hər 10 kiloqram çəkiyə 1 tablet olmaqla aktivləşdirilmiş kömür qəbul etmək lazımdır. Onu qəbul etməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alınır. Lakin zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki çox xoşagəlməz ağırlaşmalar baş verə bilər. Xəstədə arterial təzyiqin düşməsi infeksion-toksiki şoka səbəb olar və xəstə həyatını itirə bilər”. (Azərtac)