Çiy yeyənlər beyin fəaliyyətindəki pozğunluğuna görə özlərini xəstə hiss etmirlər və çox rahatdırlar. Onlar orqanizmlərini zəiflətdiklərini dərk etmirlər.

Foodinfo.az xəbər verir ki, bu barədə kliniki psixoloq Anna İvaşkeviç bildirib.

Diyetoloq İrina Pisarevanın sözlərinə görə isə, qidaların çiy yeyilməsinin zərərsiz ötüşməsi üçün orqanizminizin xüsusiyyətlərinə diqqət yetirməlisiniz.

Çiy yeyənlər əmindirlər ki, istilik emalı zamanı məhsullar öz faydalı xüsusiyyətlərini itirir. Onlar tərəvəzlərdən əlavə, hətta yumurta, mal əti, balıq və paxlalıları da çiy yeyirlər.

Bu yemək tərzi kiməsə uyğun gəldiyi üçün kifayət qədər uzun müddət belə davam edə bilər. Lakin bəziləri bir neçə ay belə, tab gətirməyə bilərlər.

Çiy məhsullarda yalnız istilik emalı zamanı məhv olan patogen mikroorqanizmlər ola bilər.

Həkimin sözlərinə görə, çiy qida pəhrizi qadınların reproduktiv sisteminə zərər verir, çox miqdarda çiy meyvə və tərəvəzlər isə dişlərə mənfi təsir göstərir.

Eyni zamanda, çiy yumurta və paxlalı bitkilərin yeyilməsi ağır zəhərlənmələrə səbəb ola bilər və ümumiyyətlə uzun müddət çiy qida pəhrizi zülal çatışmazlığı ilə nəticələnə bilər. Çiy qida pəhrizi çoxlu miqdarda liflər və yağ çatışmazlığı səbəbindən mədə-bağırsaq traktının xəstəliklərinə də səbəb ola bilər.

Şiddətli kalori çatışmazlığı səbəbiylə, zaman keçdikcə bədən ehtiyac duyduğu maddələri istehlak etmək üçün əzələ və toxumalarını parçalamağa başlayacaq. Uzun müddət çiy qida pəhrizinə riayət edən insanlarda əzələ kütləsi demək olar ki, yoxdur, sümüklər kövrək olur, kifayət qədər kalsium olmadığı üçün tez-tez sınıqlar baş verir.

Belə bir pəhrizdən mineral, vitamin və enerji çatışmazlığı səbəbindən ürək dayana bilər.

Qeyd edək ki, çiy qida pəhrizinə riayət edən bloger Janna Samsonova (Zhanna D'Art) 39 yaşında vəfat edib.

Nərmin