Son illərdə qırmızı ət istehlakı bir çox ölkədə artıb. Foodinfo.az xəbər verir ki, Almaniyanın Hamburg Tibb Universitetinin kardioloqu doktor Franz Meier “Der Spiegel” jurnalına açıqlamasında bunun ürək-damar sisteminə təsirlərindən danışıb. O bildirib ki, həddindən artıq qırmızı ət istehlakı damarların sərtləşməsinə və təzyiqin yüksəlməsinə səbəb olur.

Franz Meier qeyd edib ki, xüsusilə işlənmiş ət məhsulları – kolbasa və sosis – sağlamlıq üçün daha böyük risk daşıyır. Tədqiqatlara görə, gündəlik ət istehlakı ilə infarkt riski arasında birbaşa əlaqə mövcuddur. Doktorun sözlərinə görə, bu risk bitki mənşəli proteinlərlə əvəzlənməklə azaldıla bilər. Almaniyada son illər vegeterian həyat tərzinə keçid edənlərdə ürək-damar problemləri əhəmiyyətli dərəcədə azalıb. Franz Meier əlavə edib ki, qırmızı ət tamamilə qadağan edilməməli, sadəcə miqdarına nəzarət olunmalıdır.

Onun fikrincə, həftədə 1-2 dəfə istifadə məqbul sayılır. O həmçinin qeyd edib ki, ətin bişirilmə üsulu da vacibdir – qızartma əvəzinə buğlama və ya sobada bişirmə tövsiyə olunur. Sağlam qidalanma sadə vərdişlərin düzgün seçimi ilə başlayır.