Qlüten son illər “zərərli” kimi təqdim olunsa da, bu fikirlə razılaşmayan mütəxəssislər var. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Kseniya Sevastyanova “Zdorovye Info” saytına danışıb. Onun sözlərinə görə, qlüten yalnız çölyak xəstəliyindən əziyyət çəkənlər üçün ciddi problemdir. Bu insanlar üçün qlütenli məhsullar bağırsaq divarını zədələyir və qida sovrulmasını pozur. Lakin sağlam şəxslərdə qlütenin bu cür təsiri yoxdur.

Sevastyanova qeyd edir ki, qlütenli məhsullardan imtina bəzən qida rasionunun balanssız olmasına gətirib çıxarır. Xüsusilə B qrup vitaminləri və lif qıtlığı müşahidə edilə bilər. Araşdırmalar göstərir ki, bəzi insanlar özlərini daha yaxşı hiss etdiklərini düşünsələr də, bu psixoloji təsirdən irəli gəlir. Mütəxəssis tövsiyə edir ki, yalnız tibbi diaqnoz olduqda qlütenli məhsullardan uzaq durulsun. Eyni zamanda, sağlam qidalanma üçün müxtəlif taxılların rasionda olması vacibdir. Qlütenli məhsulları pəhrizdən çıxarmaq moda deyil, tibbi qərar olmalıdır. Sevastyanova əlavə edib ki, özbaşına pəhriz dəyişiklikləri sağlamlığa mənfi təsir göstərə bilər.